USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

ABŞ-ın Skoki şəhərinin meri Xocalı qətliamının ildönümü ilə bağlı bəyannamə imzalayıb


  • Dünya,
  • 7 ay əvvəl əlavə olunub,
  • 2644 dəfə oxunub
ABŞ-ın Skoki şəhərinin meri Xocalı qətliamının ildönümü ilə bağlı bəyannamə imzalayıb

ABŞ-ın İllinoys ştatının Skoki şəhərinin meri Corc Van Dusen Xocalı qətliamının 29-ci ildönümü ilə bağlı bəyannamə imzalayıb.

Bu barədə “Report”un yerli bürosuna ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) prezidenti Fərid Məmmədov məlumat verib.

F.Məmmədov bildirib ki, İllinoys ştatının Azərbaycan icmasına ünvanlanmış bəyannamədə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz və Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti çərçivəsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törətdiyi bildirilir.

İşğal edilmiş şəhəri tərk etməyə çalışan dinc əhali qırğına məruz qalıb. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca erməni hərbçiləri tərəfindən qətlə yetirilib. Bəzi ekspertlər Xocalı faciəsini “Azərbaycan Srebrenitsası” adlandırırlar.

Sənəddə həmçinin vurğulanır ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul olunub.

Azərbaycanın ərazi bütövlüyünün BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ Ev tərəfindən dəstəklənməsi xüsusi qeyd olunur.

Bəyannamədə qeyd edilir ki, bu faktları nəzərə alaraq, Skoki meri Corc Van Dusen 2021-ci il fevralın 26-nı şəhərdə Xocalı qətliamı qurbanlarının anım günü elan edib.


Oxşar xəbərlər