USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

İtaliya nümayəndə heyəti Milli Məclisdə daha bir görüş keçirib


  • Siyasət,
  • 6 ay əvvəl əlavə olunub,
  • 62 dəfə oxunub
İtaliya nümayəndə heyəti Milli Məclisdə daha bir görüş keçirib

Aprelin 12-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli ölkələrimiz arasındakı dostluq və əməkdaşlıqdan söz açıb, Azərbaycan-İtaliya tərəfdaşlığının inkişafında hər iki ölkənin dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin mühüm rolundan danışıb.  

O, daha sonra 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan üçün hazırda ən prioritet məsələ işğaldan azad olunmuş torpaqlarımızın bərpasıdır. O, bu prosesdə İtaliyanın da iştirak etdiyini qeyd edib.

Sonra nümayəndə heyətinin başçısı, İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli deputat olduğu dövrdə Azərbaycana dördüncü dəfə səfər etdiyini bildirib və hazırkı səfərin məramını açıqlayıb. Əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlı olduqlarını deyib. 

Söhbət zamanı İtaliyanın Matera şəhərinin meri Domeniko Bennardi vurğulayıb ki, müxtəlif sahələrdə, o cümlədən turizm, ticarət, incəsənət, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlıq üçün böyük imkanlar var. 

İtaliyanın Matera şəhər Şurasının sədri Antonio Materdomini qeyd edib ki, bu, əməkdaşlıq sahəsində yeni bir yolun başlanğıcıdır: "Matera ilə Bakı arasında əlaqələrin müsbət müstəvidə inkişaf edəcəyinə əminik". 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, həmin komitənin və İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevil Mikayılova və Ramin Məmmədov ölkələrimiz arasındakı əlaqələrin inkişaf etdiyini qeyd ediblər, münasibətlərin inkişaf perspektivlərindən və əməkdaşlıq imkanlarından söhbət açıblar. 


Oxşar xəbərlər