USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

NATO Azərbaycan Ordusunun şəhid mayorunu


  • Siyasət,
  • 4 ay əvvəl əlavə olunub,
  • 2614 dəfə oxunub
NATO Azərbaycan Ordusunun şəhid mayorunu

Nəzərə çatdırılıb ki, Rəhim Hüseynov 1994-cü il iyulun 1-də Zərdab rayonunun Gəlmə kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Motoatıcı taqım komandirliyindən Əməliyyat İmkanları Konsepsiyası (OCE Bn) taborunun komandiri vəzifəsinədək yüksəlib.

Çexiya, Almaniya, Macarıstan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina və Rumıniyada beynəlxalq əhəmiyyətli kurslarda iştirak edib.

İngilis, rus, erməni dillərini mükəmməl bilən, Azərbaycan zabitinin ən yüksək mənəvi və iradi keyfiyyətlərini özündə birləşdirən igid zabitimiz xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrini layiqincə təmsil edərək Azərbaycan bayrağını həmişə şərəflə daşıyıb.

Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı mayor Rəhim Hüseynov komandiri olduğu Sülhməramlı qüvvələr taborunun şəxsi heyəti ilə birlikdə işğal altında olan ərazilərin azad edilməsi uğrunda döyüşlərdə şəxsi qəhrəmanlıq və şücaət nümunələri göstərib. Cəbrayıl, Füzuli və Qubadlı rayonları uğrunda hərbi əməliyyatlarda düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib.

Sağlığında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)”, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalları ilə təltif olunan igid tabor komandiri 2020-ci il oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub və ən yüksək məqama – şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev igid zabitimizin xidmətlərini yüksək qiymətləndirərək ölümündən sonra onu Azərbaycanın ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunələrinə, o cümlədən hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə “Qarabağ” ordeni, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edib.

Anım mərasimində qeyd edilib ki, Azərbaycan Ordusunun Sülhməramlı qüvvələr taborunun sabiq komandiri mayor Hüseynov Rəhim Qədir oğlu 2020-ci ilin yekunları üzrə NATO-nun "Ləyaqətli xidmət" medalına layiq görülüb.

Diqqətə çatdırılıb ki, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında mayor R.Hüseynov 2020-ci il yanvarın 21-dən 2020-ci il avqustun 12-dək Azərbaycanın Sülhməramlı Kontingentinin, eyni zamanda, Hamid Karzai beynəlxalq hava limanında “NKIA” Qüvvə Mühafizəsi Qrupu Taborunun komandir müavini və komandiri vəzifələrini icra edib.

Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasının və ABŞ Qüvvələrinin Komandiri (ABŞ Quru Qoşunlarının generalı) Austin Skott Miller igid həmyerlimizin təltif olunması ilə bağlı təqdimatında onun ləyaqətli xidmətinin təfsilatını bu cür dəyərləndirib: "Mayor Hüseynov NKIA-nın təhlükəsizliyini yüksəltmək və koronavirus epidemiyası dövründə müvafiq tədbirləri həyata keçirmək üçün müxtəlif millətlərdən olan çoxsaylı qüvvələrdən ibarət FPG taboruna rəhbərlik etdiyi zaman fərqlənib. O, şəxsi heyət arasında güclü ünsiyyət qabiliyyəti və peşəkar hərbi intizamı vasitəsilə üstün liderlik bacarığını nümayiş etdirib, olduqca gözəl işçi münasibət yaradıb. Bununla o, düşmənin nəzərə çarpan təhdidləri, eləcə də koronavirus epidemiyasının gətirdiyi özünəməxsus çətinlikləri əhatə edən son dərəcə ağır dövrdə NKIA-nın Qüvvə Mühafizəsi Qrupunun vəziyyətdən xəbərdarlıq səviyyəsinin yüksəkdə saxlanılmasına zəmin yaradıb.

Qarşılıqlı uyarlılıq çərçivəsində təhlükəsizlik məsələləri üzrə boşluqlara yol vermədən bazanın tələbatlarına uyğun olaraq beş millətdən (Albaniya, Azərbaycan, Portuqaliya, Polşa, Türkiyə) ibarət olan “ABBEY”, “Şərq” və “Şimal” giriş qapılarının və Çevik Cavab Qüvvələrinin idarə olunmasında böyük səy göstərib. Onun liderliyi və təşkilatçılığı ilə bu giriş qapıları vaxt itkisinə yol vermədən təcili tibbi müdaxilə üçün on nəfərdən çox ağır yaralı koalisiya heyətinin NKIA-nın “Role-2” hospitalına ötürülməsini müvəffəqiyyətlə həyata keçirib.

Mayor Hüseynov baş verə biləcək mülki iğtişaşlara, cavab və giriş qapılarının fəaliyyətinə dair taktika, texnika, prosedurların hazırlanması və tətbiqinə rəhbərlik edib. Onun liderliyi və fəaliyyətləri bütün giriş qapılarında xidmət edən heyətin bu meyarlar üzrə hərtərəfli təlimini və bu xüsusda Çevik Cavab Qüvvəsinin düzgün strategiya və tətbiq olunmasını təmin edib. Mayor Hüseynovun rəhbərliyi və göstərişləri altında epidemiya dövründə tələb olunan 250-dən çox yerli nümayəndənin tibbi və təhlükəsizlik yoxlanılması NKIA tərəfindən müvəffəqiyyətlə həyata keçirilib. Bu fəaliyyətlər NKIA-nın əməliyyatlar üçün tələb olunan fəaliyyətinin yüksək səviyyədə saxlanılması və əməliyyat teatrının əsas “Enmə/Yükboşaltma Aerodromu”nun daimi fəaliyyətinin təmini üçün zəruri idi. Nəhayət onun komandanlıq, inkişaf, təşkilatçılıq və kritik düşünmə üzrə unikal istedadı müxtəlif məsələlərin çoxsaylı həllinə gətirib çıxarıb.

Mayor Hüseynovun nümayiş etdirdiyi işçi keyfiyyətlər NATO əməliyyatlarının yüksək ənənələrini qoruyur və o, NATO-nun "Ləyaqətli xidmət" medalına (əməliyyat üzrə) layiq görülür”.

NATO-nun Baş katibi Yens Stoltenberqin imzaladığı sənəddə göstərilir ki, mayor Rəhim Hüseynov NATO-da təyin olunduğu vəzifəsinin icrası ərzində müstəsna xidmətinə görə NATO-nun "Ləyaqətli xidmət" medalı ilə təltif olunub. O, özünə böyük şərəf gətirən və Alyans tərəfindən təmsil olunan hər kəsin ehtiram və minnətdarlığını qazandıran mükəmməl liderliyini nümayiş etdirməklə, Alyansın ən gözəl ənənələrini qoruyub saxlayıb.

Tədbirdə qeyd olunub ki, həmin medal və sertifikat artıq Azərbaycandadır və NATO tərəfi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məktub ünvanlayaraq, həmin təltifin qəhrəman tabor komandirinin ailəsinə təntənəli şəkildə təqdim olunmasını xahiş edir.

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev tədbir iştirakçılarını nazirliyin rəhbərliyi adından salamlayaraq, mayor Rəhim Hüseynovla Vətən müharibəsi cəbhələrində dəfələrlə qarşılaşdığı anları yada salıb. Onu qorxmaz, cəsur bir döyüşçü, yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik intellektual səviyyəli zabit, tabeliyində olan şəxsi heyətin qayğıları ilə yaşayan, hər bir əsgər və zabitin sevgisini qazanan komandir kimi xarakterizə edib.

Şəhidin valideynlərinə Vətənə belə bir məğrur oğul tərbiyə etdikləri üçün dərin minnətdarlığını bildirən, ailəsinə bundan sonra firavan həyat arzulayan nazir müavini NATO-nun ən nüfuzlu medalını mayor Rəhim Hüseynovun böyük oğlu Hikmətə təqdim edib.

Şəhid övladının “Bu yüksək mükafatı alarkən şəhid atamın əvəzindən “Azərbaycan Respublikasına xidmət edirəm!” deyirəm. Qoy, düşmənlərimiz birdəfəlik bilsinlər ki, Vətən uğrunda şəhid olan Rəhim Hüseynov kimi oğullar ölməyiblər. Onların yurdunda yeni-yeni igidlər yetişir. Biz üç qardaş atamızın yolunu davam etdirəcəyik. Biz Azərbaycan Ordusunun gələcəyiyik. Atamın müqəddəs ruhu qarşısında and içirik!” sözləri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Şəhidin atası oğlunun, eləcə də bütün şəhidlərin xatirəsinin əziz tutulduğu, adlarının əbədiləşdirildiyi, ailələrinin daim diqqətdə saxlanıldığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına ailələri adından minnətdarlıq edib.

Şəhidin anası Həqiqət xanım oğlu ilə fəxr etdiyini, həyat yoldaşı Günel xanım Rəhimin yadigarlarını, üç oğul övladını şəhid atalarının adına layiq vətənpərvər oğul kimi tərbiyə edəcəyini deyib.

Milli Məclisin deputatı Jalə Əliyeva 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi zəfərin tarixi bir Zəfər olduğunu vurğulayıb. Xalqımızın Azadlıq meydanında keçirilən Zəfər paradının təəssüratları ilə hələ də yaşadığını, qalib bir ölkənin vətəndaşları olmaqdan böyük qürur duyduğunu dilə gətirib. O, əmin olduğunu bildirib ki, mayor Rəhim Hüseynov kimi oğulların qanları, canları bahasına işğaldan azad edilən tarixi torpaqlarımızda böyük quruculuq işləri geniş vüsət alacaq, viran edilmiş kəndlərimiz, şəhərlərimiz yenə də xalqımızın birliyi, həmrəyliyi sayəsində yenidən qurulacaq, qaçqınlar, köçkünlər doğma yurd yerlərinə dönəcək, Şuşada keçiriləcək “Vaqif poeziya günləri”, “Xarı bülbül” festivalı yenə də əziz qonaqlarını Azərbaycanın mədəniyyət paytaxtına toplayacaq. Yeni salınacaq parklara, küçələrə, xiyabanlara uğrunda qanları tökülən igidlərin adları veriləcək, zirvələrdə xilaskar Azərbaycan əsgərinin möhtəşəm abidəsi ucaldılacaq.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi, Vətən müharibəsi iştirakçısı general-mayor Mübariz Rzayev, hərbi hissə komandiri polkovnik Ədalət Hacıyev, silahdaşları adından mayor Fərhad Ömərov və başqaları çıxış edərək şəhid tabor komandiri haqqında xatirələrini bölüşüb və bu kimi tədbirlərin şəhidlərin xatirəsinə hörmət və ehtiram əlaməti olmaqla yanaşı, həm də gələcək Vətən müdafiəçilərinin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Anım mərasimi respublikanın Xalq artisti Samir Cəfərov və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin iştirak etdikləri “Vətən müharibəsinin Zəfər bayraqlarına düzlən!” adlı ədəbi-musiqili kompozisiya ilə başa çatıb.


Oxşar xəbərlər