USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Prezidentin növbəti səfəri: Azad edilmiş torpaqlara həyat qayıdır - TƏHLİL


  • Siyasət,
  • 7 ay əvvəl əlavə olunub,
  • 7636 dəfə oxunub
Prezidentin növbəti səfəri: Azad edilmiş torpaqlara həyat qayıdır - TƏHLİL

Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur.

Növbəti belə səfər fevralın 14-də baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

Azad edilmiş torpaqlarda yenidənqurma və bərpa işləri

Dövlət başçısının işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafına nə dərəcə mühüm əhəmiyyət verdiyinə 30 il ərzində ermənilər tərəfindən darmadağın və viran edilən torpaqlarda artıq abadlıq və quruculuq işlərinə başlanılmasını göstərmək olar.

İşğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığının icrası hazırda yüksək surətlə davam etməkdədir. Eyni zamanda, işğaldan azad edilmiş rayonlarda “yaşıl enerji” zonasının yaradılması məqsədilə ilkin olaraq pilot layihələr qismində bəzi yerlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının da tətbiqi baş tutacaq. Ağıllı kənd layihəsi ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq. 

Səfər zamanı Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndində Su Elektrik Stansiyasının (SES) açılışı baş tutub. SES-nın açılışına toxunan dövlət başçısı qeyd etdi ki, Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş - ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir: “Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik”.

Azərbaycan Prezidenti çıxışında ermənilərin Üçtərəfli Bəyanatdan sonra da torpaqlarımızda dağıntılar törətdiklərini qeyd edib: “Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını darmadağın edib, avadanlığı buradan çıxarıb, stansiyaların binalarını da dağıdıb”. Ali Baş Komandan bildirib ki, düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb: “Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır”. O, “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının da olduqca böyük resurslarının olduğunu xatırladaraq bərpaolunan enerji növlərinin bu bölgədə çox böyük potensiala malik olduğunu qeyd edib.

Azərbaycan Prezidenti bu bölgələrin elektrik təchizatının dövlət üçün prioritet olduğunu vurğulayaraq ilk növbədə Şuşa şəhərini elektrik enerjisi ilə təmin etmək üçün işlərin davam etdiyini söylədi. Dövlət başçısı vurğuladı ki, “Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir”.

Horadiz-Ağbənd dəmir yolunun təməli qoyulub

Səfər zamanı Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən tarixi əhəmiyyətli Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyulması da xüsusi əhəmiyyətli məsələ idi. Bununla bağlı çıxış edən dövlət başçısı qeyd edib ki, bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var: “İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi”. Prezidentin də qeyd etdiyi kimi, Horadiz-Ağbənd dəmir yolunun istifadəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolunu bir-birinə bağlanacaq. Bu tarixi əhəmiyyətli kommunikasiya xəttinin açılışı bir zamanlar ermənilərin havadarlarının və işğalçıların xalqımıza qarşı məkrli planlarını məhv etmiş olacaq. Həmçinin bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. “Biz üç il yarım bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunu istismara verdik. Bu da tarixi nailiyyət idi. Tarixdə ilk dəfə biz Azərbaycanı və Türkiyəni dəmir yolu ilə birləşdirdik. İndi isə ikinci dəmir yolu çəkiləcək və eyni zamanda, bu yoldan bütün bölgə ölkələri istifadə edə bilərlər”, - deyə Prezident qeyd edib.

Dövlət başçısı, həmçinin, Azərbaycanın bölgədə ölkələr arasında kommunikasiya xətlərinin üzərində yerləşdiyini və bu istiqamətdə böyük işlərin görüldüyünü söyləyib. Prezident deyib: “Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər.

Onu da bildirməliyəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlamışdır. Görün, biz nə qədər böyük uzaqgörənlik göstərmişdik, böyük iradə göstərmişdik. Eyni zamanda, maliyyə resurslarını səfərbər etmişdik və bu dəmir yolları bağlantılarını biz təmin edirik. Bu, ölkəmiz üçün lazımdır. Çünki bu, ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadi gücünü artırır. Çünki biz etibarlı tranzit ölkəsi kimi bundan böyük maliyyə gəliri əldə edəcəyik, eyni zamanda, bölgədə sabitliyin və sülhün təmin edilməsi üçün də bunun çox böyük əhəmiyyəti var”.

Dövlət başçısı bu sözlərlə, Azərbaycan dövlətini qısa müddətdə hansı miqyasda iş ortaya qoyduğunu açıqlayıb, eyni zamanda bölgənin siyasi, iqtisadi və ticarət mənzərəsini dəyişəcək, region ölkələrini bir-birinə bağlayacaq layihənin əhəmiyyətini bir daha vurğulayıb.

Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq

Görülən işlərin, həyata keçirilən layihələrin siyasi və iqtisadi əhəmiyyəti öz yerində, ancaq Ermənistanda revanşist qüvvələrin bəyanatları, çağırışları da Azərbaycan Prezidentinin diqqətindən kənarda qala bilməz. Dövlət başçısı Ermənistanda məğlubiyyətlə barışmaq istəməyən, qisasçılığa, müharibəyə, revanşa səsləyən qüvvələrə növbəti dəfə xəbərdarlıq edib, onları xam xəyallar qurmaqdan çəkinməyə çağırıb.  

“Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın” deyən Prezident revanşist qüvvələrə torpaqların azad edilməsi zamanı ordumuzun apardığı döyüşləri, Ermənistan ordusunun darmadağın edildiyini, Azərbaycanın prinsipial mövqeyinin qələbə çaldığını xatırladıb, bu ölkənin iqtidarlı-müxalifətli bütün qruplarına keçmişdən dərs çıxarmağı məsləhət görüb. Müharibəyə qədərki dövrdə də Ermənistanın və bəzi havadarlarının münaqişə ilə bağlı apardıqları siyasətə toxunan Prezident “Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın. Mən bu təklifi rədd etdim. Həyat göstərdi ki, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik” söyləyib.  

Laçını, Şuşanı satanların hakimiyyət davası

Dövlət başçısı Şuşa və Laçın işğal altında düşən zaman respublikadakı vəziyyətə diqqət çəkib. Prezident müstəqilliyin ilk illərində Ermənistanın bu torpaqları işğal etməyə çalışdığı bir vaxtda Bakıda hakimiyyət davası getdiyinmi təəssüflə vurğulayıb. “Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Qarabağ Azərbaycandır!

Laçın rayonunun düşməndən azad edilmiş Güləbird kəndində Azərbaycan bayrağını Müzəffər Ordunun Ali Baş Komandanı kimi qaldırdığını deyən dövlət başçısı bu bayrağın altından Azərbaycan xalqına doğma Laçın diyarından müraciət etdiyini qeyd edərək, bildirib ki, bizim Qələbəmiz tarixi Qələbədir: “Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Beləliklə, Prezident İlham Əliyevin başçılığı ilə bölgədə yeni prosesləri seyr etməkdəyik. Erməni işğalçıları torpaqlarımızdan qovulub, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə start verilib. Artıq 2021-ci il dövlət büdcəsində işğaldan azad olunan ərazilərdə bərpası və yenidənqurma işlərinin aparılması üçün maliyyə təminatı da yaradılıb. İlkin rəqəmlərə görə işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası 2,2 milyard manat nəzərdə tutulub.

Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.    

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov


Oxşar xəbərlər