USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Qarabağın külək enerjisindən istifadə imkanları araşdırılıb


  • Ölkə,
  • 7 ay əvvəl əlavə olunub,
  • 72 dəfə oxunub
Qarabağın külək enerjisindən istifadə imkanları araşdırılıb

“Qarabağ regionu Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonu olmaqla, müvafiq olaraq, 7,33 min km2 və 6,4 min km² ərazini əhatə edir. Yuxarı Qarabağ ərazisində külək ehtiyatları aşağı potensialda olmaqla, orta illik sürəti 1-2,5 m/s arasındadır. Bu bölgədə küləyin sürəti il ərzində 1.5 m/s-dən çox olan günlərin sayı müxtəlif rayonlar üzrə 5-25 gün arasında dəyişir. Bu göstərici Xankəndi şəhərində illik orta hesabla 8 gün təşkil edir. Regionun külək gücünə nəzər yetirdikdə, əsas etibarilə şimal, şimal-şərq və yüksək dağlıqda dağ-dərə küləkləri üstünlük təşkil edir”.

Simurq.net in xəbərinə görə, bu barədə AMEA Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin elmi işçisi Nicat İmamverdiyevin Qarabağ bölgəsinin külək enerjisindən istifadə imkanlarınına dair araşdırmasında bildirilir. 

Məlumatda qeyd olunub ki, külək elektrik turbinlərinin quraşdırılması üçün seçilən sahə stansiyanın faydalı iş əmsalının yüksək və iqtisadi cəhətdən səmərəli olması üçün küləyin minimum sürəti 3,5 m/s və üzərində olan ərazilər əsas götürülür: “Buna əsaslanaraq demək olar ki, Yuxarı Qarabağ iqtisadi rayonu külək elektrik stansiyalarının qurulması üçün zəif tutum əmsallıdır və yatırılan investisiyanın uzun müddətli geri ödənilməsi baxımından qənaətbəxş hesab edilmir. Regionda külək potensialı Kəlbəcər-Laçın iqtisadi rayonunda məhdud ölçüdə olmaqla, yararlılıq imkanlarına görə respublika üzrə Abşeron və Naxçıvan regionundan sonra 3-cü kateqoriyalı zonaya aid edilir . Qarabağda külək sürəti hündürlük qurşaqları üzrə alçaq dağlıqdan yüksək dağlığa doğru orta illik sürəti 1,5-3,6 m/s arasında dəyişir. Küləyin orta illik sürətinin 1,0-2,5 m/s arasında olan zəif külək sürətinə malik ərazilərinin ümumi sahəsi 4,1 min km2 olmaqla, iqtisadi rayonun 64%-ni əhatə edir. Bu isə ortalama sürət ölçüsündən aşağı dərəcədə tutum əmsalına malik məhdud-əlverişli əraziləri ehtiva edir”.

Nəticələrə əsasən, ikinci dərəcəli orta illik külək sürətinin 2,5-3,5 m/s arasında dəyişən orta dərəcəli külək sürətinə malik ərazilərinin ümumi sahəsi 1,3 min km2 və ya regionun 20,3%-ni əhatə edir: “Bu ərazilər külək sürətinin və illik küləkli günlərin sayının az olmasına görə külək turbinlərinin zəif dövrlərdə işləyərək məhdud gücdə elektrik enerjisi istehsalı səbəbindən iqtisadi cəhətdən səmərəli deyildir. Bu orta dərəcəli sahələr 10-60 kilovat qoyuluş gücü daxilində, kiçik ölçülü külək turbinlərinin qurulması üçün yararlıdır.

Üçüncü tədqiqat zonası isə 50 metr nisbi yüksəklikdə illik külək sürətinin 3,5 m/s-dən yüksək olan ərazilərini əhatə edir. Bu yüksək istifadə uyğunluğuna malik zonaların ümumi sahəsi 250 km2 və ya 4%-dir. Bu ərazilər əsasən Kəlbəcər rayonun qərb hissəsində yerləşən Qarabağ yaylası, Mıxtökən silsiləsi olmaqla 3000 metr yüksəklikdə olan Dəlidağ və Sərçəli dağlarının ətraf zonalarıdır. Digər potensial ərazilər isə Zəngilan rayonun cənub-qərb hissəsi və Murovdağ silsiləsində yüksək dağlıq zonanı əhatə edir. Belə ki, bu ərazilər enerji stansiyalarının qurulması üçün mürəkkəb relyef formalarına malik olduğundan külək turbinlərinin daşınması, quraşdırılması və istifadəsi üçün yol, elektrik xətləri, transformator mərkəzi və s. kimi infrastruktur obyektləri ilə təchizatı yüksək investisiya tələb edir”.

Bildirilib ki, ümumilikdə Qarabağ regionu külək elektrik stansiyalarının yerləşdirilməsi üçün Azərbaycanda daha optimal ərazilər olan Abşeron iqtisadi rayonu ilə müqayisədə ümidverici üstünlüyə malik deyil. 


Oxşar xəbərlər