USD : 1.7000 EUR : 2.0551 ARS : 0.0191 TRY : 0.2435

Vatikan mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin bərpasına dəvət olunub


  • Siyasət,
  • 8 ay əvvəl əlavə olunub,
  • 71 dəfə oxunub
Vatikan mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin bərpasına dəvət olunub

“Mədəniyyətlərin qarşılıqlı anlaşmasının və sivilizasiyalararası dialoqun ən vacib alətlərindən biri olan multikulturalizm ölkəmizdə həyat tərzinə çevrilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə diqqəti, qayğısı və dəstəyi nəticəsində ötən müddətdə bu istiqamətdə mühüm addımlar atılıb”.

Simurq.net in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə dini və tarixi-mədəni abidələr vəhşicəsinə dağıdılıb, bu torpaqlarda Azərbaycan xalqının misilsiz mədəniyyət inciləri məhv edilib: “Şübhəsiz ki, Azərbaycan dövləti bu abidələri bərpa edəcək, işğaldan azad olunmuş ərazilərdə yeni həyat qurulacaq. Azərbaycan dövləti, xüsusilə də Heydər Əliyev Fondu dünyanın müxtəlif guşələrində tarixi əhəmiyyətli dini və mədəni abidələrin qorunması, bərpası ilə bağlı layihələr həyata keçirir. Bu günlərdə Heydər Əliyev Fondu ilə Vatikan arasında katakombaların bərpasına dair yeni əməkdaşlıq müqaviləsinin imzalanması ölkəmizin bütün beynəlxalq aləm üçün dünya mədəni irsinin qorunması və multikulturalizmin təbliğinə mühüm töhfələrindən biri olacaq. Bu təşəbbüs Azərbaycanın nəinki öz torpaqlarında, eyni zamanda dünya miqyasında mədəni irsin qorunmasına xüsusi önəm verdiyini, bu cür layihələrin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu göstərən açıq mesaj olacaq”.

Deputat qeyd edib ki, Vatikana səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsi, Dağ Yəhudiləri, Avropa yəhudiləri, xristian Katolik və Pravoslav icmalarının təmsilçilərinin də olması Azərbaycandakı dini tolerantlıq, multikultural dəyərlərə verilən xüsusi önəmin təzahürü kimi qiymətləndirilib: “Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan nümayəndə heyəti ölkəmizin işğaldan azad edilmiş ərazilərindəki müxtəlif konfessiyalara məxsus tarixi-mədəni irsin bərpasında Vatikan mütəxəssislərinin yaxından iştirakının vacibliyini qeyd edərək onları bu missiyanın icrasında iştirak etməyə dəvət edib.

İşğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər bütün dünyaya Azərbaycan multikulturalizmi modelini növbəti dəfə təqdim etmək baxımından xüsusi əhəmiyyətə malik olacaq. Bu torpaqlarda mənşəyindən asılı olmayaraq, məhv edilmiş mədəni irs nümunələrinin bərpası üçün zəruri addımlar atılacaq. Əminəm ki, bu tədbirləri uğurla həyata keçirməklə Azərbaycan dünyaya multikulturalizm, mədəniyyətlərə, dinlərə ehtiram ifadə edən daha bir nümunə göstərəcək”.


Oxşar xəbərlər